Siyasət

Akif Qurbanov: “Biz ikinci oyunçuya iddialıyıq”

“Üç məsələdə hakimiyyətdən güclüyük…”

Müsahibimiz “III Respublika” Platformasının Qurucu Heyətinin spikeri Akif Qurbanovdur.

– Akif bəy, “III Respublika” adı altında siyasi arenaya gəlirsiniz. Sizdən öncə  ReAL Partiyası da “Respublika” dəyərlərini qorumaq və liberal ideyalarla gəldi ictimai-siyasi arenaya. Əvvəlcə cəmiyyət üçün cəlbedici olsa da, hadisələrin sonrakı gedişində özünü doğrultmadığını deyənlər az olmayıb. Sizin ReAL Partiyasından fərqiniz nədir?

Saytların yığılması

– Biz özümüzü hər hansı bir partiyayla fərqimiz əsasında yox, hakimiyyətlə fərqimiz əsasında meydana çıxmağa qərar vermişik. İddiamız – mövcud siyasətin alternativini təqdim edərək siyasi arenaya çıxırıq. Bizi bir araya yığan əsas 3 prinsipi sadalamaq istərdim. Əvvəla, müzakirələrimiz 3 ilə yaxın davam edib. Birinci qərara gəldik ki, nə qədər eyni fikirli olduğumuzu müəyyənləşdirək. Bunu da müəyyənləşdirməyin əsas prinsipi sadəcə, mövcud sistemə, hakimiyyətə qarşı olmaq əsasında yox, ilk sual o idi ki, necə Azərbaycan təsəvvür edirik. Yəni gələcəyə baxışımız daha önəmliydi ki, bu, bizi bir araya gətirirmi?! İkinsi sual o idi ki, mövcud Azərbaycanı necə təsəvvür edirik, yəni təsbitimiz necədir, fikirlərimiz üst-üstə düşürmü, yəni istər hakimiyyətə, istər problemlərə, istərsə də siyasi şəraitdə meydana çıxmaq baxımından. Üçüncü sualımız o idi ki, mövcud vəziyyətdə arzuladığımız Azərbaycana necə getməyi düşünürük. Məhz bu suallar əsasında fikirimizi tamamlayıb Quruluş Bəyənnaməmizi yaydıq, kimlik sənədimizi müəyyənləşdirdik.

– Deməli, 7 nəfər arasında bu barədə 3 ildir müzakirələr gedirmiş?

– Xeyr, 7 nəfər arasında olmayıb və bu gün də sayımızı 7 deyil, 3 il əvvəl də o qədər deyildi. Sadəcə, zaman-zaman bu müzakirədə iştirakdan vaz keçib qərarını dəyişənlər oldu. Qarabağ savaşı və onun nəticələri əsasında siyasətə baxışlarını dəyişənlər də var idi, eyni zamanda, mövcud mühit kontekstində özünün siyasətdə iştirak edib-etməməyinə görə qərarını dəyişənlər oldu. Yaxud həmfikir olmadığımızı açıq şəkildə deyib, dostcasına gedənlər oldu. Müzakirədən çəkinənlərlə yanaşı yeni qoşulanlar da var. Bu gün Qurucu üzvlər arasında təsis edən 7 nəfərlik. Qurucu Heyət seçib onları ictimaiyyətə təqdim etmişik.  

– Əgər ölkədə prezident öz sərəncamı ilə həyat yoldaşını I vitse-prezident təyin edirsə, sizə belə gəlmirmi respublika dəyərlərindən çox az şey qalıb?

– Elə məhz bu şərtlər bizi bu prosesə sövq edib və “III Respublika“ iddiasıyla ortaya çıxmağa sövq edib. Biz bunu yoxdan ortaya çıxartmamışıq, yaxud, filan adı istəyirik deyə müəyyənləşdirməmişik. Məhz mövcud olan şərtlər respublika idealımız əsasında “III Respublika“ adını qoymuşuq. Artıq “III Respublika“ya cəhdin zamanı olduğuna inanmışıq və bu zamanın başladılmasına start vermişik. 

– Hökumət və yandaş media Qərbə, ABŞ-a qarşı başlanan təbliğat kampaniyasında Toplum TV-ni və şəxsən sizin rəhbərlik etdiyiniz təşkilatı “AbzasMedia” ilə bərabər kəskin tənqid edir, ittihamlar irəli sürürdü. Amma az sonra ittihamlar dayandı, ardınca “III Respublika” Platforması açıqlandı. Bunlar arasında bir əlaqə varmı?

– Yox, heç bir halda əlaqə yoxdur. “III Respublika” Platforma ideyasını 3 ildir müzakirə edirik. Müzakirələr 2020-ci il parlament seçkilərindən dərhal sonra başlayıb. Həmin dövrdə iştirakçılıqla bağlı maraq yaranmışdı, amma parlamentarizmə vurulan zərbə fonunda yeni ideyanın ortaya çıxmasının zamanı gəlib-gəlmədiyi ilə bağlı müzakirə başladı. Obyektiv səbəblərdən müzakirələrdə fasilələr oldu, əvvəla, pandemiya baş verdi, onlayn müzakirələri ardıcıl olmasa da, imkan çərçivəsində apardıq. Sonra II Qarabağ müharibəsi başladı, savaşın gedişi və nəticələri fonunda müzakirələri davam etdirsək də, meydana çıxmaq haqqında götür-qoy edirdik. Həm proqramımızı, baxışımızı, həm də dəyişən şərtləri nəzərə alaraq prosesi aparırdıq. O cümlədən, müharibə ilə bağlı konseptual çərçivəmiz də 19 sentyabr əməliyyatından sonra, Azərbaycanın ərazi bütövlüyünün tamamlaması konteksində aradan qalxmış oldu. Eyni zamanda, geopolitik şərtlərin dəyərləndirilməsi zamanımızı aldı, Ukrayna-Rusiya müharibəsi fonunda. Biz bu müharibəni dəyərləndirərək daha qəti qənaətlər əsasında meydana çıxmaq istədik. Və ilk vaxtlar oktyabrı planlayırdıq, sadəcə, sentyabr hərbi əməliyyatları bunu ertələməyə səbəb oldu. Qərarlaşdırdıq ki, 7 dekabrda meydana çıxaq və həmin gün də əbəs deyildi. Əsas idealımız respublikaçılıqdır, onun da əlamətlərindən biri məhz parlamentarizmdir. 7 dekabrda Azərbaycanda ilk parlamentin açılışı olduğuna görə, bundan simvolik və mənəvi ruhlanaraq həmin təqvimdə elan etdik. Düşünmürdük ki, noyabrda haqqımızda nə yazacaqlar?!     

– Platformanın quruluş bəyannaməsi ilə tanış oldum, bəzi məsələlər sual doğurur. Birincisi, siz son 30 ilin siyasi proseslərini ancaq Qarabağ konteksində təqdim edirsiniz. Belə çıxır ki, son 30 ildə iqtidar da, müxalifət də Qarabağ dairəsindən kənara çıxa bilməyib. Bir az fərqli redaksiyada ReAL da yarananda belə deyirdi. Ancaq tam belə deyil axı, ölkədə korrupsiya elə Qarabağ boyda ictimai problemə çevrilib, azadlıqlar boğulur, sizin də içində olduğunuz vətəndaş cəmiyyəti “şumlanır”. Məsələn, hesabatlarda 2003-cü ilə qədər Azərbaycan yarım-azad ölkə idi, son 20 ildə isə qeyri-azad ölkəyə çevrildi… Necə olur ki, bunlar unudulur və son 30 ilə Qarabağ kontekstində yanaşırsınız?

– Xeyr, biz qəti şəkildə vurğulamırıq ki, siyasi opponetlər başqa problemləri gündəmə gətirməyiblər. Məsələnin mahiyyəti epizodiklikdə deyil. Yəni bizim vurğumuz ondan ibarətdir ki, hakimiyyət məqsədli şəkildə demokratik islahatlar, azad cəmiyyətin qurulması, korrupsiyaya qarşı mübarizə, demokratik sistemin oturuşması, dayanaqlı inkişafla bağlı ən böyük maneə kimi daxili və xarici diskursda “Qarabağ boyda dərdimiz var” fikrini demokratiyaya qarşı qoymuşdu. Təəssüf ki, bunun kontekstində müxalifətin mübarizəsində ana xəttdə siyasi diskursun Qarabağ kontekstindən kənarda, digər mövzuların oturuşmasında nəticələrə nail olunma imkanları yetərli qədər olmadı. Vurğu ondan ibarət deyil ki, müxalifət başqa problemləri qabartmayıb. Əksinə, müxalifətin də əsas diskursunda millətçilik və etatizmin əsas xətt kimi ortaya qoyulması, nəticə etibarilə “Qarabağ boyda dərdimiz”in ön problem kimi olması hakimiyyətin sui-istifadəsinə imkan tanıyıb.   

– Bəyannamədə yazırsınız: ictimai rəyə təlqin olunan əsas arqument bu oldu ki, demokratik siyasi islahatların həyata keçirilməsi, söz və ifadə azadlığının təşəkkül tapması Qarabağ problemini ortaya çıxaran separatizm meylləri üçün daha geniş meydan açacaq, ölkəni zəiflədəcək. Siz inanırsınızmı hakimiyyət öz siyasətini Qarabağ üzərində qurub? Qarabağın dərdini çəkən hakimiyyət müdafiə xərclərini oğurlayarmı?

– Yox, məsələ onda deyil ki, hakimiyyət öz siyasətini Qarabağ uğrunda qurmuşdu. Hakimiyyət siyasi diskursda Qarabağı öndə tuturdu və avtoritarizmi gücləndirmək xəttini əsas götürmüşdü.

– Məgər, müxalifət avtoritarizmə qarşı mübarizə aparmayıb?

– Müxalifət avtoritarizmə qarşı mübarizə aparıb, axı mən ifadə etdim ki, düşərgə digər problemləri də zaman-zaman qabardıb.

– Ancaq bəyanatda vurğu daha çox Qarabağ kontekstinədir…

– Biz bəyanatda daha çox onu vurğulayırıq ki, hakimiyyətin seçdiyi diskurs məhz avtoritarizmin güclənməsi üçün əsas daşıyıb.

– Burda müxalifət də günahkardırmı?

– Mən buna aydınlıq gətirəcəm. Bütün avtoritar ölkələrdə millətçilik, dövlətçilik, dövlət təhlükəyə girir, milli maraq anlayışı sui-istifadə olunur. Hakimiyyətin də “Azərbaycanın Qarabağ kimi dərdi var” fikrini siyasi gündəmdə tutması digər nöqsanları gizlətmək üçün idi. Guya hakimiyyət bütün hədəfini Qarabağ problemi üçün qoyub. O baxımdan müxalifət zəlzələdən, ya vəlvələdən, – bunun müxtəlif səbəbləri var, – daha əsası 1992-ci ildə yetərli olmaması idi. Bu gün ölkədəki real müxalifət yeni deyil, onlar 1992-1993-cü il hakimiyyətindən devrilmiş əsas siyasi qüvvələrdir.

– Yəni siz onları köhnə, ənənəvi müxalifət sayırsınız?

– Mən hər hansı tanıtımdan çəkinirəm, ümumiyyətlə, belə yanaşmanın tərəfdar deyiləm. Söhbət ondan gedir ki, onlar Xalq Hərəkatından çıxmış 1992-1993-cü illərdə hakimiyyətdə olan və Heydər Əliyevin hakimiyyəti ilə əvəz edilən siyasi qruplardır. Bu gün də siyasi meydanda Xalq Cəbhəsi və Müsavat partiyalarıdır ki, qeyd etdiyim illərdə hakim partiyalar olub. Yəni müxalifətin fəaliyyəti olub, amma həm 1992-1993-cü illər hekayəsindən qalan, o siyasi diskursa ardıcıl olaraq sahib çıxma istəkləri, özlərini yeniləməmələri, yeni hekayə yaratmamaları, həmçinin, fəaliyyətlərində avtorizmin qida mənbəyinə çevrilən, təəssüflər ki, bilərəkdən, ya bilməyərəkdən millətçilik və dövlətçilik prinsiplərinin gündəmdə tutulması bu tipli avtoritar hakimiyyətlər üçün sui-istifadəyə çevrilirdi. Baxın, müxalifət deyirdi ki, hakimiyyət Qarabağ problemini çözə bilməz, anti-milli hakimiyyətdır…

– Bu suallara gələcəyik. Bəs onda 90-cı illərin ortalarında Xalq Cəbhəsində “islahatçı” deyilən qüvvə ilə “Klassiklər” arasında kəskin ideya mübarizəsi necə gedirdi? Yaxud 2003-cü il seçkilərində müxalifətin namizədinin seçki platformasını yada salaq, İsa Qəmbərin proqramında yalnız Qarabağ deyildi, dediyiniz məsələlər də əks olunmuşdu, avtoritarizmə qarşı mübarizə, siyasi-iqtisadi islahatlar və s. Nəhayət, Milli Şuranın 2013-cü il seçkilərində göstərdiyi performans da yaddan çıxmayıb. Bütün bunların nəticəsi olaraq özünüz də MSK üzvü kimi xüsusi rəylə çıxış etmisiniz. Milli Şuranın 2013-2019-cu il mitinqləri yalnız Qarabağ mövzunda keçirilməyib: İş, Çörək, Qarabağ, “Talana son!”, “Korrupsiyaya yox!”, uşaq pulu, “Siyasi məhbusların azadlıq!”, qiymət artımına və devalvasiyaya qarşı, “Siyasi partiyalar haqqında” qanunun əleyhinə çoxlu etiraz aksiyaları olub. Elə 2019-cu ilin 19 yanvar mitinqini yada salaq… Bunları görmədən hər şeyi Qarabağa bağlamaq nə qədər doğrudur?

– Söhbət ondan getmir ki, onlar digər problemləri qabartmamışdılar. Problemləri qabartmaq, çözüm yolları göstərmək başqa bir şeydir, amma ölkənin əsas siyasi gündəmini tutan mövzu başqa… Siz hər hansı problemi danışa bilərsiniz, amma o problem ölkənin gündəminə çevrilirmi? Bu, çox önəmlidir! Biri var hakimiyyətin addımlarına reaksiyalar vermək, müxalifət operativ şəkildə reaksiyalar verib, addımların ziyanlı olduğunu bildirib. Bir neçə istisnalar olub, 2003, 2005 və 2013-cü illər, demək olar ki, müxalifət hakimiyyətin atdığı addımlara reaksiya vermək mövqeyində görünüb. Yəni həmin illərdə müxalifət özü daha çox siyasi gündəm yaradırdısa, 2013-cü ildən sonra hadisələrə daha çox reaksiya verən tərəf kimi oldu.

Akif Qurbanov. Foto: Meydan TV

– Mən sizin bəyanatın “Post Qarabağ” strategiyası hissəsinə diqqətinizi çəkmək istərdim, yazırsınız ki, aparıcı elementləri ölkədə avtoritarizmin qidası olan ifrat etatist siyasi təfəkkürdən imtina, çağdaş demokratik siyasi sistemə keçid, ictimai idarəçiliyə və seçki sisteminə etimadın bərpası, desentralizasiyanın təmin edilməsi vasitəsilə bölgələrarası inkişafda kəskin disbalansın aradan qaldırılması və bölgələrin yaşanılabilən məkanlara çevrilməsi, siyasi mənşəli gəlir bərabərsizliyinin mənbələrinin və endemik korrupsiyanın aradan qaldırılması, iqlim dəyişikliyinin ələlxüsus kənd təsərrüfatına vurduğu zərərin mümkün qədər azaldılması, keyfiyyətli həyat standartının inkişafı kimi strateji məsələlər olmalıdır. Bütün bunları 2011-ci ilin mayında Ziyalılar Forumu “Demokratiyaya doğru 7 addım” Xartiyasında daha geniş açıb və hər biri ətrafında müzakirələr keçirib. Sizə belə gəlmirmi yeni gündəlik kimi təqdim etdiyiniz təkliflər bu baxımdan çoxdan köhnəlib?

– Xeyr. Çünki təkliflərimiz sadəcə, tezislər deyil, bunların arxasında hekayə dayanır. Müxalifətin nəticə ala bilməməsi, onların effektiv fəaliyyəti və ya mövqeləri yaxşı nəticələr almaq üçün qurulmayıb. Bunun kökünə varmasaq, nəticələri düzgün qiymətləndirə bilməyəcəyik.

– Akif bəy, Ziyalılar Forumu bu məsələləri 12 il əvvəl bütün istiqamətlər üzrə gündəmin müzakirəsinə çevirib…

– Cəmiyyətin qəbul etdiyi məsələ var, prosesi necə və müxalifəti hansı obrazda qavrayıb. Cəmiyyət Xalq Cəbhəsi və Müsavat partiyalarını 1992-1993-cü illər obrazından kənar qəbul edə bilməyib. Onlar da həmin illərin diskursundan imtina etməyib. Həmin illərdə nə baş verdi və biz niyə “III Respublika” adını qoymuşuq? 1991-ci ildə Müstəqillik Aktını qəbul edəndə Xalq Cümhuriyyətinin varisi olduğunu bildirdik, bu, çox gözəl idi. Amma buna istinad olunsa da, onun strateji-vizioner düşüncəsini mənimsəmədik. Azərbaycan müxalifəti Xalq Hərəkatından başlamışdı, onun da birinci istiqaməti müstəqillik uğrunda mübarizəsiydi. Düzdür, bu, Topxana meşəsində, Qarabağ kontekstində başlasa da, sonradan Azərbaycanın azadlıq mübarizəsinə çevrildi, başqa ölkələrdə olduğu kimi. İlk hədəf müstəqilliyin və azadlığın əldə olunması idi. Həmin şəxslərin Azərbaycanın müstəqilliyinin əldə olunmasında çox böyük töhfələri var, bunu xüsusi təqdir etmək lazımdır və biz heç bir halda bunu azaltmaq niyyətində deyilik. İkinci hədəf o olmalıydı ki, 1918-ci ildə Qurucu babalarımız yalnız müstəqilliyə nail olmayıblar, həm də müsəlman Şərqində ilk parlament respublikası qurublar. Həmin dövrə və onun varisliyinə iddia edən siyasi komanda parlamentarizmi və respublikaçılıq idealını təqdim etmədi. Burada çox fundamental əsaslar var, məsələnin kökünü açmadan mövcud olan reallığı qiymətləndirməyimiz doğru olmazdı, bu, subyektiv başa düşüləcəkdi. Hesab edirik ki, 3 məsələdə hakimiyyətdən güclüyük, birincisi dəyərlər, iqtidarın heç bir dəyəri və idealı yoxdur. İkincisi, strateji yanaşmadır ki, hakimiyyətdə o da yoxdur. Üçüncü isə siyasi idarəetmədə siyasi peşəkarlıq, mövcud hakimiyyətdə siyasi peşəkarlıq da yoxdur.

– Ancaq 20 ildən çoxdur hakimiyyətdədirlər…

– Ona gələcəyik. Siyasi alternativin də məhz bu 3 kontekstdə hakimiyyətdən güclü olması önəmlidir. Ona görə yenidən ideala qayıdıram ki, 1992-ci ildə siyasi hakimiyyət dəyişikliyinə nail olan siyasi qrup nəyi etməliydi? Birinci növbədə sovet nomenklaturasından qurtulmalıydı, amma bunu bacarmadı. İkinci, gerçək keçid etməliydu, varisliyə iddia edirdisə, parlamentarizm qurulmalıydı. Amma sovet dövründən qalan quruluşu seçdi, faktiki olaraq I katib funksiyasını prezident əvəz etdi. Nəticə etibarilə o varisliyin hekayəsini vizion olaraq mənimsədikləri görünmədi.

– Əslində, Şərqi Avropa ölkələri də bu mərhələni keçiblər…

– Xeyr. Üçüncü vacib arqument odur ki, həmin hakimiyyət lüstrasiyanı tətbiq edə bilmədi. Bu isə Heydər Əliyevin revanşizminə dayaq yaratdı və o da bu cəhdi reallaşdıraraq hakimiyyətə sahib oldu.

 Məsələ ondadır ki, AXC hakimiyyətinin nümayəndələri bizim müsahibədə iştirakçı olmadıqıarından dediklərinizin detallarına vara bilməyəcəyik. Suala keçək, əgər hakimiyyət bütün informasiya məkanını inhisara götürübsə, iddialarınız cəmiyyətə necə çatdıracaqsınız, maarifləndirmə işini nə cür aparacaqsınız, bu barədə düşünmüsünüzmü?

– Əlbəttə. Heç bir halda hər şeyin asan olduğu iddiasında deyilik. Ölkənin taleyi ondan məsuliyyətli işdir və hansı şəraitdə də siyasi proseslərə gəldiyimizin fərqindəyik. Həmçinin, bu şəraitdə nələrlə üzləşə biləcəyimizin də fərqindəyik. Buna rəğmən mənəvi gücümüzə arxalanırıq, gücümüz isə bizim idealımız, peşəkarlığımız və ağlımızdır. Bayaq sadaladım, dəyərələr, strateji baxış, burada həm də ağıl rol oynayır, nəhayət, peşəkarlıq. Biz bu gücə söykənərək meydana gəlmişik. 7 nəfərlik Qurucu Heyət kadr resursu və bunun əsasında insan resursu formalaşdıracaq. Bunların da əsasında cəmiyyətdə iştirakçılığın əhatə dairəsini formalaşdıracağıq. Ölkədə müxtəlif aparıcı qüvvələri iştirak prosesinə qatılacaqlar.

– Yekun olaraq sizin bəyanata qayıdaq.  Mənim üçün ən təəccüblüsü “iqlim dəyişikliyinin ələlxüsus kənd təsərrüfatına vurduğu zərər” ifadəsi oldu. Doğrudanmı belə hesab edirsiniz ki, ölkədə kənd təsərrüfatının bu vəziyyətə düşməsi iqlim dəyişikliyi ilə bağlıdır? Axı vaxtı ilə regionları inkişafına 70 milyard dollar vəsait xərcləndi, amma nəticə sıfırdır, heç bir rayon öz büdcə xərclərini qarşılaya bilmir. Bu iqlim dəyişikliyindən daha çox korrupsiyaya hədəflənmiş ərzaq, qida idxalı ilə bağlı deyilmi? Kənd təsərrüfatı torpaqları və su hövzələrinin vəzifəli şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı deyilmi? Siz məsələni belə qoymaqla bir k/t korrupsiyasına kreativ formada bəraət qazandırmırsınız ki?

– Xeyr, qətiyyən. O konteksdən çıxarılma kimi başa düşüləcək.

– Xeyr, konteksdən çıxarılmayıbdır, həmin ifadə bəyanatda varmı?

– Var, amma onun konteksti var. O mənada ki, biz bunun hamısını detallı açacağıq.

– İfadə belədir: iqlim dəyişikliyinin ələlxüsus kənd təsərrüfatına vurduğu zərərin mümkün qədər azaldılması, keyfiyyətli həyat standartının inkişafı kimi strateji məsələlər olmalıdır…

– Mən demirəm siz düzgün ifadə səsləndirmədiniz. Onun kontekstini təqdim etmək çox önəmlidir. Mən hansı işləri görəcəyik və hansı mövzulara toxunacağıq, onu demək istəyirəm. Biz daha detallı proqramımızda təqdim edəcəyik. Yəni bizim qlobal problemlərimiz təkcə siyasi hüquqlar, insan hüquqları, dövlətin idarə olunması və.s məslələr deyil. Həmçinin, qlobal problemlər var, o cümlədən, iqlim dəyişikliyidir ki, bu, təkcə Azərbaycanın yox, dünyanın problemlərindən biridir. Və iqlim dəyişikliyinin ən böyük ziyan vurduğu sahə kənd təsərrüfatıdır. Ona görə biz hər yay nəinki içməli su, həm də suvarma suyunun olmamasının əziyyətini çəkirik.

– Bunlar korrupsiya və monopoliyadan irəli gəlmirmi?

– Bəli, o tərəfləri var. Vaxtında bu sahədə tədbir görmürlər, qabaqlayıcı addımlar atmırlar, strateji düşünmürlər, bu problemlərin dünyanı ağuşuna aldığı hissini iqnor edirlər, cari məsələlərlə məşğuldurlar, bunlar öz yerində. Biz demək istəyirik ki, təkcə daxildəki məsələlərlə məşğul deyilik, həm də dünyada baş verən problemlərdən də xəbərimiz var.

– Amma əvvəl evin için təmizləyib, sonra kənara çıxmaq lazımdır da…

– Yox, mən bizim 3 fərqimizin olduğunu dedim, onlardan ikisi də önəmlidir. Biz təcrid olunan dünyada yox, qlobal dünyada yaşayırıq. O mesajı vermək istəyirik ki, iqlim problemlərindən də xəbərdarıq. Biz cari hissələri, proqram tezisləri yaxın günlərdə geniş şəkildə açacağıq. 3 prinsipi təqdim edirik: mövcud vəziyyət nədir, nə təklif edirik və necə dəyişəcəyik. Ola bilər təqdim etdiklərimiz nəzəri kimi görünsün, belə amil ola bilər, sadəcə, bizim idealımız var, alternativlər buyursunlar ideallarını təqdim etsinlər. İkincisi, bu ideala doğru həll yolu, konseptual baxış nədən ibarətdir, bunu qoysunlar. Üçüncü, buna necə nail olacağıq? Əgər biz “Əliyev hökuməti pis, mən yaxşıyam” desək, heç nəyi dəyişməyəcəyik. Mövcud vəziyyət odur ki, hakimiyyət məqsdəli şəkildə müxalif obrazı 1992-1993-cü ildən çıxartmağa imkan vermir. Çünki hökumət orda üstünlüyə sahibdir, onu uğursuzluq kimi təqdim edir. Hakimiyyət həmin dövrdən qalib çıxdığı üçün öz qələbəsini təqdim edir. O baxımdan biz həmin vəziyyətdən çıxmalıyıq. Mövcud olan partiyalar da nəticə etibarilə hakimiyyətin yaratdığı güclü avtoritarizm fonunda müqavimət mərkəzinə çevrilib. Və bu fədakarlıq prinsipinə dayanır, amma bu, yetərli deyil. Biz onlara qarşı deyilik. Sadəcə, proses yaradan mərkəzə çevrilmək istəyirik.

– Onlar proses yarada bilmirdi?

– Nəticə göstərir ki, yarada bilməyiblər, müqavimət mərkəzinə çevriliblər.

– Əgər proses yarada bilmirdilər, bu qədər repressiyalar nəyə gərək idi?

– Dedim axı, fədakarlıq hesabına müqavimət mərkəzinə çevriliblər. Biri var hakimiyyətin siyasi addımlarına reaksiyalar vermək, biri də var yeni diskurs yaratmaq. Hakimiyyət tək adam rejimi, həm də tək oyunçu formalaşdırıb. Biz ikinci oyunçuya iddialıyıq. 

– Son sual, 7 fevral seçkisinə münasibətiniz necə olacaq?

– Biz uzun müddətdir hazırlaşırıq və hər hansı seçki üzərində fokuslanmamışıq. İkinci, bütün vasitələri iştirakçılığa yönəldəcəyik. O cümlədən, seçki aləti vacib alətlərdən biridir ki, Azərbaycanda iştirakçılıq artsın. Ona görə də cəmiyyətə özümüzü anlatdıqdan sonra qarşıdakı fəaliyyət planımızı açıqlayacağıq. Bəyənsək də, bəyənməsək də, seçki mühitinin çox pis olması da, demokratik, azad seçkilərin keçirilməsinin mümkün şəraitin olmamasını nəzərə alsaq belə, bütün hallarda bu fürsəti insanlarla işləmək və iştirakçılığı artırmaq üçün fövtə vermək istəmirik. Və bunu dəyərləndirərək seçkiyə münasibət qərarımızı açıqlayacağıq.

أخبار

مقالات ذات صلة

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

زر الذهاب إلى الأعلى